İlk dəfə dövlət dili imtahanı keçiriləcək – NAZİRDƏN AÇIQLAMA
“Gürcüstan hökumətinin qərarı ilə, 2025-ci ildə, Gürcüstan təhsil sisteminin tarixində ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək. İmtahana qeydiyyat 24 noyabrda başlayır və 1 dekabrda başa çatır,” – bu barədə təhsil, elm və gənclər naziri Givi Mikanadze Nazirlikdə keçirilən brifinqdə bildirib.
Givi Mikanadzenin sözlərinə görə, dünyanın bir çox ölkəsi dövlət dili üzrə imtahanlar keçirir və bu imtahanların nəticələrinə əsasən, imtahan verən şəxsə həmin ölkə tərəfindən tanınan, dil biliyinin səviyyəsini təsdiq edən sertifikat təqdim olunur. İmtahanın verilməsi istənilən şəxs üçün könüllüdür. Bu, xüsusilə xarici tələbələr, dövlət qulluğunda çalışma hüququ olan əcnəbi vətəndaşlar, xaricdə yaşayan gürcülər və biznes sektorunda çalışan qeyri-gürcüdilli kadrlar üçün böyük əhəmiyyət daşıyır.
“Dövlət dili imtahanı gürcü dilinin dövlət dili statusunun möhkəmləndirilməsi və dilin funksional sahəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Məhz bu məqsədlə, Dövlət Dil Strategiyasının 2023–2024-cü illər üzrə fəaliyyət planına uyğun olaraq, Milli Qiymətləndirmə və İmtahan Mərkəzi beynəlxalq standartlara tam uyğun imtahan hazırlayıb. Artıq dövlət dili imtahanı ildə bir neçə dəfə keçiriləcək və dörd kompetensiyanın yoxlanılmasına imkan verəcək. Bunlar: dinləmə, oxu, yazı və danışıqdır. Bu mərhələdə iki fərqli çətinlik səviyyəsində test keçiriləcək: birinci test A1 və A2 səviyyələrini, ikinci isə B1 və B2 səviyyələrini müəyyən edəcək. Səviyyələrin fərqləndirilməsi isə namizədin topladığı bala əsasən aparılacaq.
2030-cu ildən etibarən A1, A2, B1 və B2 ilə yanaşı, C1 və C2 səviyyələrini müəyyən edən imtahanların keçirilməsi də planlaşdırılır və bu istiqamətdə aktiv iş aparılır,” – deyə nazir bildirib.
Givi Mikanadzenin sözlərinə görə, gürcü dili imtahanına qeydiyyatdan keçmək yalnız Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin qeydiyyat səhifəsi – geoexam.naec.ge vasitəsilə elektron formada mümkün olacaq.
Görmə qabiliyyəti zəif və tam görmə əngəlli imtahan iştirakçıları üçün Brayl sistemi və ya xüsusi elektron proqram nəzərdə tutulub.
Dövlət dilinə hakimiyyət səviyyəsini təsdiq edən sənədi dövlət dili imtahanının nəticələrinə əsasən Dövlət Dili Departamenti verəcək.
Milli Qiymətləndirmə və İmtahan Mərkəzində imtahan testinin hazırlanması bir neçə mərhələdə həyata keçirilib – əvvəlcə bütün Gürcüstan üzrə ayrı-ayrı kompetensiyaları ölçən tapşırıqlar sınaqdan keçirilib, daha sonra əldə edilmiş nəticələr üzrə psixometrik təhlil və ekspert qiymətləndirilməsi aparılaraq tapşırıq bankı hazırlanıb və imtahan formatı işlənib.
Bizi WhatsApp – da izləyin.