Elektrik enerjisi bahalaşır: Yeni tariflər bu tarixdə açıqlanacaq

Tənzimləyici komissiya elektrik enerjisinin yeni tariflərinin müəyyənləşdirilməsinə hazırlaşır. Bu barədə Komissiya sədri David Narmaniya bildirib. Məlumata görə elektrik enerjisinin bahalaşması həm məişət istehlakçılarına, yəni əhaliyə, həm də kommersiya sektoruna – biznesə şamil olunacaq.

David Narmaniya BMG-yə açıqlamasında qeyd edib ki, elektrik enerjisinin bahalaşması iki əsas amillə bağlıdır: paylayıcı şirkətlərin sektorda zəruri investisiyalar həyata keçirməsi və ümumilikdə bazarda enerjinin bahalaşması.

Hazırda tənzimləyici komissiya elektrik enerjisinin neçə qəpik bahalaşacağını hesablayır və yekun qərarı 29 dekabr tarixində keçiriləcək açıq iclasda elan edəcək.

“İstehlak tarifləri, bizim adlandırdığımız kimi, iki komponentdən ibarətdir: elektrik enerjisinin paylanması tarifi və elektrik enerjisinin təchizatı tarifi, yəni birbaşa enerjinin dəyəri. Tənzimləyici komissiya hər iki tarifi müəyyən edir və onların cəmi yekun istehlak tarifini formalaşdırır.

Bizim müəyyən etdiyimiz tarif bütün istehlakçı kateqoriyalarına şamil olunur. Bu, məişət sektoru üçün üç kateqoriyanı əhatə edir: ayda 0-dan 101 kilovat-saata qədər istehlak edənlər, 101-dən 301 kilovat-saata qədər istehlak edənlər və 301 kilovat-saatdan artıq istehlak edənlər. Eyni zamanda, müəyyən etdiyimiz tarif kommersiya sektoruna, yəni qeyri-məişət sektoruna da şamil edilir. Burada da gərginlik səviyyələrinə görə diferensial tariflər mövcuddur: aşağı gərginlik, orta gərginlik və yüksək gərginlik. Bu, 110 kilovoltdan aşağı, 0,4 kilovolt daxil olmaqla gərginlik səviyyəsinə qoşulmuş kiçik, orta və iri biznes subyektlərini əhatə edir.

Tariflərin artacağı gözlənilir, artım böyük olmayacaq, lakin mövcuddur. Bunun səbəbi bir tərəfdən paylanma tarifinin artmasıdır, çünki şəbəkəyə mühüm investisiyalar yatırılır, digər tərəfdən isə ildən-ilə enerjinin dəyəri bahalaşır və istehlak artır. Bütün bunlar tariflərdə öz əksini tapır”, – deyə David Narmaniya bildirib.

Bizi WhatsApp – da izləyin.