TƏCİLİ! Polad Ömərov Marneulidə baş verən cinayət işi ilə bağlı ictimaiyyətə müraciət edib

4 yanvar tarixində Marneuli bazarında qətlə yetirilən 27 yaşlı Sahib Bayramovun yaxınları hadisənin kriminal aləmin üzvləri ilə əlaqəli olduğunu bildirərək, zəng edən şəxsin Polad Ömərovun adamı olduğunu qeyd etmişdilər.

Bu gün ictimai fəal və hüquqşünas Elmar Həsənli öz Facebook hesabında paylaşım edərək Polad Ömərovun ictimaiyyətə müraciətini yayımlayıb.

Elmar Həsənlinin paylaşımında deyilir:

“Əziz dostlar, Marneuli rayonunda baş vermiş son hadisə bütün ictimaiyyət nümayəndələri kimi məni də dərin məyusluğa uğratdı. Hüquqlarını müdafiə etdiyim və ictimaiyyətdə Polad Dumaniski kimi tanınan Polad Ömərovun adının həmin hadisə ilə bağlı hallandırıldığını eşidən kimi, dərhal onun ABŞ-da hüquqlarını müdafiə edən vəkili vasitəsilə əlaqə saxladım və baş verənlər barədə məlumat verməsini xahiş etdim.

Polad Ömərov vəkillərinin vasitəsilə ictimaiyyətə müraciət edir:

“Hadisə zamanı həyatını itirmiş gəncə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm. Mən hal-hazırda ABŞ-da cəzaçəkmə müəssisəsində cəzamı çəkirəm. Heç kimlə şəxsi ədavətim yoxdur. Adımın bu hadisədə hallandırılmasını təəssüflə və qətiyyətlə qınayıram. Bu təkzibi verməyim soydaşlarımıza olan hörmət və məsuliyyət hissimdən irəli gəlir. Borçalıda yaşayan soydaşlarımız mənim üçün çox dəyərlidir, çünki ora mənim vətənimdir. Vətənimi sevdiyim qədər, onun insanlarına da xüsusi hörmətim var. Cəzamı başa vurduqdan sonra ən böyük arzum Gürcüstana qayıtmaqdır.”

Hüquqşünas olaraq qeyd etmək istəyirəm ki, istintaq aparılmadan və rəsmi sübutlar ortaya qoyulmadan insanların adının bu cür ağır hadisələrdə hallandırılması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir və cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Məsələ ilə bağlı rəsmi qurumları obyektiv və şəffaf araşdırma aparmağa, ictimaiyyəti isə təsdiqlənməmiş məlumatlara inanarkən ehtiyatlı olmağa çağırıram”. – deyə Elmar Həsənli paylaşımında bildirib.

Bizi WhatsApp – da izləyin.