Rusiya və ABŞ arasında gərginliyə səbəb olan tankerin kapitanı Gürcüstan vətəndaşıdır – RƏSMİ

Açıq mənbələrə görə, 2026-cı il yanvarın 7-də ABŞ tərəfindən Atlantik okeanında saxlanılan “Marinera” tankerinin ekipajında ümumilikdə 28 dənizçi olub. Onların arasında 6 Gürcüstan vətəndaşı da var. Yayılmış məlumatlara əsasən, bu altı nəfərdən biri gəminin kapitanıdır. Ekipajın tərkibində, həmçinin Ukraynanın 20 və Rusiya Federasiyasının iki vətəndaşı da yer alır. Bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin bəyanatında qeyd olunub.

Bəyanatda deyilir ki, mövcud məlumata əsasən, sözügedən tanker ABŞ tərəfindən Venesuelaya tətbiq edilən beynəlxalq sanksiyaların mümkün pozulması ittihamı ilə saxlanılıb. Dəniz Nəqliyyatı Agentliyi hazırda faktiki halların dəqiqləşdirilməsini həyata keçirir. Bu çərçivədə gəmini istismar edən şirkətin müəyyənləşdirilməsi, eləcə də ekipajın gürcü üzvləri ilə bağlı məlumatların toplanması aparılır.

Məlumat üçün bildirək ki, “Marinera” tankeri, Rusiya bayrağı altında üzüb və ABŞ hərbçiləri tərəfindən 7 yanvar tarixində saxlanılıb. Məlum olduğu kimi, bu gəmi əvvəllər “Bella 1” adlanıb və ABŞ Xəzinədarlıq Departamenti tərəfindən İran, Venesuela və Rusiya neftinin daşınmasında iştirak etdiyinə görə qara siyahıya salınıb.

Mövcud məlumata əsasən, Qayana bayrağı altında üzən “Bella 1” tankeri 20 dekabr tarixində Karib dənizinə daxil olub. ABŞ Sahil Mühafizəsi gəminin saxlanılmasını və yoxlanılmasını tələb etsə də, ekipaj bu tələbə tabe olmayaraq Atlantik okeanına doğru hərəkət edib. Gəmini bir neçə Amerika gəmisi təqib edib.

30 dekabr tarixində tanker Panama bayrağını Rusiya bayrağı ilə əvəz edib və Rusiya Dəniz Reyestrində “Marinera” adı ilə qeydiyyata alınıb. Bundan sonra, 31 dekabrda Rusiya ABŞ-yə rəsmi nota göndərərək gəminin təqibinin dayandırılmasını tələb edib və tankerə doğru bir neçə Rusiya hərbi gəmisi və bir sualtı qayıq göndərib. Buna baxmayaraq, ABŞ hərbçiləri gəmini yenə də saxlayıblar. “Bella 1” tankerinin göyərtəsinə vertolyotdan ABŞ desantçıları endirilib. Xarici medianın məlumatına görə, Rusiya hərbi gəmiləri tankerə yaxın ərazidə olsalar da, heç bir addım atmayıblar.

Eyni zamanda, ABŞ hakimiyyəti bildirir ki, saxlanılan gəminin ekipaj üzvlərinə cinayət ittihamları irəli sürüləcək.

Bizi WhatsApp – da izləyin.