Parlament və Nazirliklər bu əraziyə köçürüləcək – HÖKUMƏT ŞƏHƏRCİYİ SALINIR
İnfrastruktur Nazirliyinin tabeliyində olan Bələdiyyə İnkişaf Fondu hökumət şəhərciyinin baş planının və eskiz layihələrinin hazırlanması üçün müsabiqə elan edib.
Böyük miqyaslı layihənin Tbilisidə, “Arsenal” dağı adlanan ərazidə, Gedevanişvili küçəsinin yaxınlığında həyata keçirilməsi nəzərdə tutulur.
Hökumət şəhərciyi layihəsinin məqsədi dövlət xidmətlərinin əlçatanlığının artırılması, müasir və vahid məkanın yaradılması, qurumlararası koordinasiyanın gücləndirilməsi və optimallaşdırılması, eləcə də dövlət və ictimai əhəmiyyətli tədbirlərin fasiləsiz keçirilməsinin təmin edilməsidir.
Baş plan ərazinin funksional bölgüsünü, nəqliyyat və mühəndis infrastrukturlarının təhlükəsiz və rasional inkişafını, şəhərin mövcud şəbəkəsi ilə tam inteqrasiyanı, həmçinin landşaft planlaşdırılması və abadlıq məsələlərini əhatə etməlidir.
Layihə çərçivəsində ali nümayəndəlik və icraedici orqanların yerləşdiriləcəyi zonalar, dövlət idarəçiliyinin mərkəzi və sahəvi qurumları üçün ofis sahələri, açıq və qapalı tədbir məkanları müəyyənləşdirilməlidir. Yeraltı və yerüstü nəqliyyat, parkinq, rekreasiya və yaşıllaşdırma zonaları, texniki avadanlıqlar və mühəndis kommunikasiya sistemləri üçün yardımçı infrastruktur da nəzərdə tutulmalıdır.
Hökumət şəhərciyi ərazisində Parlament binası, Hökumət Administrasiyası, Xarici İşlər, İnfrastruktur, Regional İnkişaf, Əmək, Səhiyyə və Sosial Müdafiə, İqtisadiyyat və Dayanıqlı İnkişaf, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı, Təhsil, Elm və Gənclər, eləcə də Mədəniyyət nazirlikləri yerləşdirilməlidir. Bundan başqa, Tbilisi meriyası, Dövlət Mühafizə Xüsusi Xidməti, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı da burada fəaliyyət göstərəcək.
Layihəöncəsi tədqiqatlar ərazinin hərtərəfli öyrənilməsini, mövcud bina və tikililərin texniki vəziyyətinin qiymətləndirilməsini, topoqeodeziya və geoloji araşdırmaları, həmçinin mühəndis kommunikasiya xətlərinin təhlilini əhatə edir.
Hökumət şəhərciyinin baş planı və eskiz layihələrinin hazırlanması üçün elan edilmiş bazar araşdırması ilə bağlı ətraflı məlumat Bələdiyyə İnkişaf Fondunun rəsmi səhifələrində mövcuddur.
Bizi WhatsApp – da izləyin.