Keçmiş müdafiə naziri barəsində yeni cinayət işi açılıb

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya barəsində yeni cinayət işi başlanıb.

İstintaq Cinayət Məcəlləsinin 317-ci maddəsi üzrə aparılır. Həmin maddə hakimiyyətin devrilməsinə çağırışı nəzərdə tutur.

İş Axalaianın məhkəmə prosesində səsləndirdiyi “İvanişvili devrilməlidir” məzmunlu bəyanatı ilə bağlıdır. Onun həyat yoldaşı sosial şəbəkə olan Facebook platformasında video paylaşaraq bildirib ki, görüntülər Axalaianın qapalı məhkəmə iclasından götürülüb.

Videoda Axalaia çıxışı zamanı bildirib ki, onun fikrincə, ölkənin keçmiş baş naziri Bidzina İvanişvili devrilməlidir və bu, bütün mümkün yollarla həyata keçirilməlidir. O həmçinin İvanişvili ilə birlikdə Gürcüstandakı Rusiyanın təsirinin də aradan qaldırılmalı olduğunu deyib.

Axalaia çıxışında vətəndaşları “daha qisas olmayacaq” deyən siyasətçilərə inanmamağa çağıraraq, “ədalətli qisasın” qaçılmaz olduğunu bildirib və qələbənin mütləq olacağını vurğulayıb.

Qeyd edək ki, Axalaia hazırda 4 oktyabr hadisələri ilə bağlı iş üzrə də ittiham olunur. Ona Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsi – qrup zorakılığının təşkili və rəhbərliyi maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.