Şeyx Hacı Faiq Nəbiyevin Fitr Bayramı münasibətilə müraciəti…
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Fitr Bayramı münasibətilə müsəlmanlara müraciət edib.
Şeyxin müraciəti sosial media hesabında paylaşılıb.
Mətində deyilir: “Əziz müsəlman qardaş və bacılar!
Böyük hüzn və dərin kədər hissi ilə bildiririk ki, Gürcüstanın mənəvi həyatında mühüm rol oynamış, dinlərarası dialoqun, qarşılıqlı hörmət və tolerantlığın möhkəmlənməsinə böyük töhfələr vermiş İlya II-nin vəfatı münasibətilə bir daha bütün xalqımıza başsağlığı veririk. Onun həyat yolu müxtəlif din və millətlərin sülh və mehribanlıq şəraitində birgə yaşamasına xidmət etmiş, bu dəyərlərin qorunub saxlanılmasına mühüm təsir göstərmişdir. Mərhumun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Eyni zamanda qeyd etmək istərdik ki, mübarək Ramazan ayının son günlərini yaşayırıq. Bu müqəddəs ayda tutulan orucların, edilən duaların və ibadətlərin Mütəal Allah tərəfindən qəbul olunmasını diləyirik. Ramazan ayı hər bir mömin üçün mənəvi saflaşma, mərhəmət və paylaşma ayıdır.
Mart ayının 21-i Fitr (Ramazan) bayramı kimi qeyd olunacaqdır. Lakin bu il ölkəmizdə elan olunmuş hüzn günü ilə əlaqədar olaraq bayramın təntənəli şəkildə keçirilməməsi daha münasib hesab olunur. Bu qərar həm milli həmrəylik, həm də mərhumun xatirəsinə ehtiramın ifadəsidir.
Fitr bayramının əsas vacib əməllərindən biri olan fitrə zəkatının verilməsi hər bir imkanı olan müsəlman üçün tövsiyə olunur. Bu il üçün fitrə zəkatı adambaşı minimum 7–10 lari həcmində müəyyən edilir. Maddi imkanı daha geniş olan şəxslər isə bunu 15–18 lari və ya daha artıq məbləğdə verə bilərlər.
Mütəal Allah tutduğumuz orucları, etdiyimiz ibadətləri qəbul etsin, xalqımıza sülh, əmin-amanlıq və birlik bəxş etsin”.
Bizi WhatsApp – da izləyin.