Trampın son hədəsindən sonra İran ABŞ-la birbaşa əlaqələri dayandırıb

ABŞ prezidenti Donald Trampın İranın “bütün sivilizasiyasını” məhv etməklə bağlı səsləndirdiyi hədələrdən sonra Tehran Vaşinqtonla birbaşa kommunikasiya kanallarını dayandırıb.

Bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrə danışan Yaxın Şərq üzrə rəsmi şəxslərdən birinin sözlərinə görə, bu addım İranın narazılığını nümayiş etdirmək məqsədi daşıyır.

Məlumata əsasən, birbaşa əlaqələrin dayandırılmasına baxmayaraq, tərəflər arasında atəşkəslə bağlı danışıqlar vasitəçilər üzərindən davam edir.

Rəsmi mənbələr bildirir ki, bu qərar Tramp administrasiyasının müəyyən etdiyi son tarixədək razılaşma əldə etmək cəhdlərini müvəqqəti çətinləşdirsə də, danışıqlar prosesi tam dayanmayıb.

Ağ Ev isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşımında “Bütün sivilizasiya bu gecə məhv olacaq və bir daha geri qayıtmayacaq. Mən istəmirəm ki, bu baş versin, amma yəqin ki, baş verəcək” ifadələrini işlədib.

Bizi WhatsApp – da izləyin.