SON DƏQİQƏ! Tsalkada karantin elan edildi
Tsalkada karantin elan edilib. Vəhşi heyvanda quduzluq aşkarlanıb.
“Cari ilin 6 aprel tarixində Kənd Təsərrüfatı Dövlət Laboratoriyası tərəfindən Tsalka bələdiyyəsində (ünvan: Tsalka şəhəri, Tamar Mepe küçəsi №132 yaxınlığı) vəhşi heyvanın (tülkü) patoloji materialında quduzluq faktı təsdiqlənib.
Milli Qida Agentliyinin Kvemo Kartli departamentinin inspektorunun araşdırması nəticəsində müəyyən edilib ki, quduzluğa yoluxmuş tülkünü 4 sahibsiz it parçalayaraq öldürüb.
Xəstəliyin yayılmasının lokallaşdırılması və aradan qaldırılması məqsədilə, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin sərəncamına əsasən, yoluxmuş ərazidə və risk zonasına daxil olan yerlərdə karantin elan edilib və karantin tədbirlərinə başlanılıb — infeksiya ocağının dezinfeksiyası, xəstəliyə həssas heyvanların vaksinasiyası, heyvanların hərəkətinə nəzarət, quduzluğa şübhəli heyvanların izolyasiyası və sığınacaqlara yerləşdirilməsi tədbirləri görülür.
Cari il ərzində ölkə üzrə laborator şəkildə təsdiqlənmiş 3 quduzluq halı aşkarlanıb. Qida Milli Agentliyi hər il quduzluğa qarşı pulsuz vaksinasiya həyata keçirir və 300 minə yaxın ev heyvanını (it və pişik) peyvənd edir.
Quduzluğun profilaktikası və risklərin qarşısının alınması məqsədilə agentlik əhaliyə müraciət edərək ev heyvanlarını (it və pişik) hər il quduzluğa qarşı peyvənd etdirməyə çağırır.
Quduzluğun nəzarəti üzrə beynəlxalq təcrübə və araşdırmalar da göstərir ki, sahibsiz və küçə itlərinin sayına nəzarət və onların vaksinasiyası xəstəliyin yayılmasının azalmasında və tam aradan qaldırılmasında mühüm rol oynayır”, — deyə Milli Qida Agentliyinin yaydığı məlumatda bildirilir.
Bizi WhatsApp – da izləyin.