Tramp İrana qarşı uzunmüddətli blokada planı hazırlayır
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokada planını hazırlamaq barədə tapşırıq verib.
Bu iddia ilə özəl mənbələrinə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti çıxış edib.
Məlumata görə, Ağ Ev rəhbəri son vaxtlar gəmilərin, xüsusən də neft tankerlərinin İran limanlarından çıxmasına əngəl törətməklə İslam Respublikasının iqtisadiyyatına təzyiqlərin artırılmasını dəstəkləyən fikirlər səsləndirib. ABŞ Administrasiyası rəhbərinin qənaətinə görə, digər ssenarilər – bombardmanların bərpası və ya münaqişədən geri çəkilmək – Vaşinqton üçün blokadanın davam etdirilməsindən daha böyük risklər ehtiva edir.
Nəşr qeyd edir ki, Trampa İrana qarşı atılacaq növbəti addımlarla bağlı ziddiyyətli məsləhətlər verilir. Bəzi rəsmilər Ağ Evi Tehrana təzyiqləri gücləndirməyə açıq şəkildə çağırırlar. Lakin Hörmüz boğazının bağlı qalmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin Amerika iqtisadiyyatına zərər vuracağından, həmçinin ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının nəticələrinə ciddi şəkildə mənfi təsir göstərə biləcəyindən ehtiyat edənlər də mövcuddur.
Tramp sosial şəbəkə hesabında qeyd edib ki, “İran Vaşinqtona Hörmüz boğazını mümkün qədər tez açmaq üçün müraciət edib”.
Ağ Evin rəhbərinin sözlərinə görə, İran tərəfi ölkənin ali rəhbərliyi ilə bağlı qeyri-müəyyənliklə əlaqədar ciddi daxili siyasi böhranı təsdiqləyib.
Bizi WhatsApp – da izləyin.