Komissiya: Bahalaşmanın əsas səbəbi həddindən artıq qazanc deyil, struktur problemlərdir

Ərzaq məhsulları, dərman vasitələri və yanacağın qiymət formalaşması strukturunu araşdıran müvəqqəti komissiya bazardakı əsas problemin həddindən artıq qazanc deyil, struktur və səmərəsiz əməliyyat xərcləri ilə bağlı olduğunu açıqlayıb.

Komissiyanın yekun iclasında çıxış edən sədr Şota Berekaşvilinin sözlərinə görə, qiymət formalaşması zəncirində əlavə xərclər toplanır və bu da məhsulların maya dəyərinin artmasına səbəb olur.

O bildirib ki, strukturun düzgün qurulması və əməliyyat səmərəliliyinin artırılması qiymət zəncirini daha effektiv edə və istehlakçılara daha əlverişli qiymətlər təqdim olunmasına imkan yarada bilər.

Komissiya sədri qeyd edib ki, bazarda əsas problemlərdən biri şəffaflığın olmaması və kommersiya münasibətlərinin qeyri-müəyyənliyidir. Onun sözlərinə görə, müxtəlif kommersiya və marketinq ödənişləri mövcuddur ki, onlar şəffaf deyil və bəzi hallarda kommersiya münasibətlərinə uyğun gəlmir.

Berekaşvili həmçinin ödənişlərin gecikməsini ikinci mühüm problem kimi qiymətləndirib. O bildirib ki, bu gecikmələr zəncir boyunca əlavə maliyyə yükü yaradır və xüsusilə aşağı səviyyədə fəaliyyət göstərən şirkətlər üçün ciddi təzyiq formalaşdırır. Bu baxımdan ödənişlərin standartlaşdırılması və proseslərin tənzimlənməsi əsas çağırış kimi qiymətləndirilir.

Bundan əlavə, şəffaflıq sahəsində digər ciddi problem kimi ehtiyatların (stokların) idarə olunması göstərilib. Qeyd olunub ki, kiçik və orta istehsalçılar öz məhsullarının dövriyyəsinə tam çıxış əldə edə bilmirlər ki, bu da planlaşdırmanı çətinləşdirir.

Komissiya sektorun rəqəmsallaşdırılmasının vacibliyini vurğulayaraq bildirib ki, bu addım əməliyyat modelinin daha şəffaf və effektiv olmasına, həmçinin bazar iştirakçılarının məhsul hərəkətinə nəzarət imkanlarının genişlənməsinə şərait yaradacaq.

Bizi WhatsApp – da izləyin.