Israel və Lebanon atəşkəsin müddətini 45 gün uzatdı

İsrail və Livan atəşkəs haqqında razılaşmanın müddətini 45 gün uzatmaq barədə qərara gəlib.

Bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Qurumun məlumatına görə, mayın 14-15-də Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında “konstruktiv danışıqlar” aparılıb.

Bildirilib ki, tərəflər uzunmüddətli sülhə nail olunmasını hədəfləyən danışıqlar çərçivəsi üzərində razılığa gəliblər. Bu çərçivə qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün tam tanınmasını, eləcə də ortaq sərhəddə real təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur.

ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, tərəflər danışıqları iyunun 2-3-də Vaşinqtonda davam etdirəcəklər. Bundan əvvəl isə hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək.

Məlumata görə, təhlükəsizlik məsələlərinə dair danışıqlar mayın 29-da Pentaqonda başlayacaq. Bu məqsədlə tərəflər aprelin 16-da əldə olunmuş atəşkəs razılaşmasının müddətini 45 gün uzatmağı qəbul ediblər. ABŞ vasitəçiliyi ilə keçiriləcək danışıqların İsrail və Livan arasında koordinasiyanın yaxşılaşdırılmasına xidmət edəcəyi bildirilir.

Bizi WhatsApp – da izləyin.