Qurcaanidə quduzluq aşkarlanıb – Çalaubani yaxınlığında karantin elan edildi

Qurcaani bələdiyyəsində, Çalaubani kəndi yaxınlığında, İori çayı ətrafındakı fermada quduzluq faktı aşkar olunub. Bununla əlaqədar ərazidə karantin elan olunub.

Bu barədə Milli Qida Agentliyi məlumat yayıb.

Bildirilib ki, quduzluq virusuna yoluxmuş it 5 iti, 1 qoyunu və 1 baş iribuynuzlu heyvanı dişləyib. Həmin heyvanların sahibi onları quduzluğa qarşı peyvənd etdirməyib.

Qeyd olunub ki, fermada 1000 baş xırdabuynuzlu heyvan, 17 baş iribuynuzlu mal-qara, 2 at və 6 it saxlanılır.

Məlumata görə, cari ilin 14 may tarixində aqressiv davranışı ilə seçilən it digər heyvanlara hücum edib. Bir neçə gün sonra it ölüb və ondan götürülən patoloji material Kənd Təsərrüfatı Dövlət Laboratoriyasına göndərilib. Laborator müayinənin nəticəsində (sınaq protokolu N3668) heyvanda quduzluq təsdiqlənib.

Araşdırma zamanı müəyyən edilib ki, dişlənən heyvanlar quduzluğa qarşı peyvənd olunmayıb. Mövcud qanunvericiliyə əsasən, quduzluğa yoluxma şübhəsi olan peyvəndsiz heyvanlar dərhal vaksinasiya edilməli və sahibinin məsuliyyəti ilə 6 aylıq müşahidə altına götürülməlidir.

Hadisə ilə əlaqədar yoluxma aşkarlanan məntəqədə və risk zonasında karantin elan olunub. Milli Qida Agentliyi quduzluğun qarşısının alınması məqsədilə məcburi vaksinasiya, dezinfeksiya işləri, heyvanların hərəkətinin məhdudlaşdırılması və sağlamlıq vəziyyətinə nəzarət tədbirlərinə başlayıb.

Bizi WhatsApp – da izləyin.