Pankisidə xüsusi əməliyyat – terror şəbəkəsi ifşa edildi

Gürcüstanın Pankisi dərəsində xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım ittihamı ilə aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin birinci müavini Laşa Mağradze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, istintaqla müəyyən olunub ki, saxlanılan şəxslər terror təşkilatı olan İslam Dövləti (İŞİD) sıralarına qoşulublar və terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə xarici ölkədən göstərişlər alıblar.

Bildirilib ki, həmin şəxslər Pankisi dərəsində terror təşkilatını dəstəkləyən qondarma “camaat” yaratmağa, eləcə də digər şəxsləri terror fəaliyyətinə cəlb etməyə cəhd ediblər. Onlar bu məqsədlə müxtəlif məkanlarda gizli və konspirativ görüşlər təşkil edərək terror ideologiyasının təbliği ilə məşğul olublar.

Qeyd olunub ki, Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzi və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları tərəfindən Omalo, Birkiani və Cokolo kəndlərində keçirilən genişmiqyaslı əməliyyat nəticəsində saxlanılma həyata keçirilib.

Aparılan istintaq çərçivəsində məhkəmə qərarları əsasında saxlanılan şəxslər və onlarla əlaqəli digər şəxslər barəsində gizli istintaq tədbirləri, həmçinin operativ-axtarış tədbirləri həyata keçirilib.

İstintaq tədbirləri zamanı bir neçə ədəd odlu silah, partlayıcı maddə, döyüş sursatı, mobil telefonlar, kompüter texnikası və digər elektron məlumat daşıyıcıları, eləcə də İŞİD-ə məxsus bayraq və simvollar aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə aparılır.

Qeyd olunan cinayət əməlləri 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hazırda iş üzrə digər şübhəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.

Bizi WhatsApp – da izləyin.