Gürcüstanda cərimələrdən büdcə gəlirləri 84% artıb, yol hərəkəti pozuntularından daxilolmalar iki dəfə yüksəlib

2026-cı ilin yanvar-aprel aylarında Gürcüstanda cərimə və sanksiyalardan dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 84 faiz artıb. Xüsusilə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar demək olar ki, iki dəfə yüksəlib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, cari ilin ilk dörd ayında sanksiyalar və cərimələrdən əldə olunan gəlir 192 milyon 53 min 781 lari təşkil edib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu göstərici 104 milyon 412 min 34 lari olmuşdu.

Statistikaya görə, 2026-cı ilin ilk dörd ayında büdcəyə daxil olan 192 milyon larinin 154,9 milyon laridən çoxu inzibati hüquq pozuntularına görə yazılmış cərimələrin payına düşür. Halbuki, ötən ilin eyni dövründə bu istiqamət üzrə büdcəyə 80,2 milyon lari daxil olmuşdu.

Eyni zamanda, yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan vəsaitin həcmi də əhəmiyyətli dərəcədə artıb. Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında bu növ cərimələrdən dövlət xəzinəsinə 108 milyon 264 min 51 lari daxil olub. 2025-ci ilin eyni dövründə isə bu məbləğ 54 milyon 339 min 998 lari təşkil etmişdi.

Bizi WhatsApp – da izləyin.