Qoridə polis zorakılığı iddiası: Altı əməkdaş saxlanılıb

Daxili işlər naziri Sulxan Tamazaşvili Qoridə iki vətəndaşa qarşı hüquq-mühafizə orqanları əməkdaşlarının zorakılıq etməsi ilə bağlı danışıb.

Nzir jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Qoridə baş verən hadisə çox ağır insident olub, lakin hazırda məsələnin bütün təfərrüatlarına varmağı zəruri hesab etmir.

“Qoridə baş verən insident çox ağır hadisə və faktdır. Bununla belə, hesab edirəm ki, bu gün məsələnin dərinliklərinə enməyə ehtiyac yoxdur. Cəmiyyət gördü ki, dövlət bu fakta münasibətdə öz mövqeyini aydın şəkildə ortaya qoydu. Bu gün deyə biləcəyim budur”, – deyə Tamazaşvili bildirib.

Nazirin sözlərinə görə, hadisə əvvəlcədən planlaşdırılmayıb və heç kim tərəfindən əmr verilməyib:

“Heç kim əmr verməyib, bu, spontan şəkildə baş verib”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Qoridə “Kombinat” yaşayış massivində hüquq-mühafizə orqanlarının əməkdaşlarının 2 nəfərə fiziki zorakılıq göstərdiyi iddia olunur.

Hadisə ilə bağlı altı polis əməkdaşı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə — zor tətbiq etməklə xidməti səlahiyyətləri aşma ittihamı irəli sürülüb. Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.