Vahid milli imtahanların ilkin nəticələri açıqlanmağa başlayıb
2026-cı il üzrə vahid milli imtahanlarda iştirak edən abituriyentlər üçün ilkin nəticələrin açıqlanmasına başlanılıb.
Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi məlumat yayıb.
Hazırda gürcü dili və ədəbiyyatı, osetin dili, tarix, kimya, təsviri və tətbiqi incəsənət, eləcə də vətəndaş təhsili fənləri üzrə imtahanların ilkin nəticələri elan olunub.
Məlumata görə, nəticələrini öyrənmək istəyən abituriyentlər online.naec.ge saytına daxil olaraq şəxsi nömrələrini və səkkizrəqəmli parolunu müvafiq bölməyə daxil etməlidirlər. Şəxsi kabinetdə onlar imtahan işlərinin surətini və hər fənn üzrə topladıqları ilkin (“xam”) balları görə bilərlər.
Qiymətləndirmə meyarlarına əsasən:
Gürcü dili və ədəbiyyatı, osetin dili və tarix fənləri üzrə maksimum bal 60, keçid balı isə 15-dən yuxarıdır. Kimya fənni üzrə maksimum bal 63, keçid balı 16-dır. Təsviri və tətbiqi incəsənət fənni üzrə maksimum bal 70, keçid balı 18-dir. Vətəndaş təhsili fənni üzrə maksimum bal 60, keçid balı isə 16-dır.
Mərkəzin məlumatına görə, gürcü dili və ədəbiyyatı, eləcə də tarix fənləri üzrə balı normallaşdırıldıqdan sonra 15-dən yuxarı olan abituriyentlər də keçid balını toplamaq imkanını saxlayırlar.
Abituriyentin keçid balını toplayıb-toplamadığı yalnız yekun nəticələr elan olunduqdan sonra dəqiq məlum olacaq.
Bizi WhatsApp – da izləyin.