Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib
Neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.
Bu barədə onun oğlu məlumat yayıb.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, H.Hacısoy 1996-2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.
Məlumat üçün bildirək ki, Hacan Hacıyev (Hacısoy) -1946-cı il martın 19-da qədim Qaraçöp mahalında – Gürcüstanın Kaxeti bölgəsindəki Saqareco rayonundakı Keşəli kəndində dünyaya göz açıb. 1963-cü ildə Yor-Muğanlı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olub. 1969-cu ildə təhsilini müvəffəqiyyətlə başa vururaq Qaradağ neft mədənləri idarəsində operator, mühəndis kimi çalışıb. 1982-ci ildə görkəmli alim, akademik A.Mirzəcanzadənin rəhbərliyi altında uğurla dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
H.Hacıyev fəal ictimai xadim kimi də böyük nüfuz qazanıb. O, övladı olduğu torpağın Qaraçöpün sosial-iqtisadi və mədəni qayğılarına kömək məqsədilə 1989-cu ildə bir qrup həmfikri ilə birlikdə «Qaraçöp» Xeyriyyə Cəmiyyətini yaradıb və onun idarə heyətinin sədri seçilib.
H.Hacıyev 1996-2004-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri olub.
Bizi WhatsApp – da izləyin.