Gürcüstan polisi miqrantlara nəzarət üzrə yeni səlahiyyətlər əldə edib

Gürcüstan hökuməti Daxili İşlər Nazirliyinin miqrasiya nəzarəti sahəsində səlahiyyətlərini genişləndirib.

Bundan sonra xaricilərin ölkədə qanunsuz qalmasına qarşı mübarizə və əmək miqrasiyası haqqında qanunvericiliyə əməl olunmasına nəzarət yalnız Miqrasiya Departamentinin deyil, patrul və cinayət polisinin də vəzifələrinə daxil olacaq.

Daxili İşlər Nazirliyinin nizamnaməsinə müvafiq dəyişiklikləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2026-cı il avqustun 17-də imzaladığı qərarla təsdiqləyib.

Yeni qaydalara əsasən, xarici vətəndaşların miqrasiya statusunun yoxlanılması polis əməkdaşlarının gündəlik fəaliyyətinin bir hissəsinə çevriləcək. Sənədlərin yoxlanılması zamanı patrul polisi əməkdaşları xarici vətəndaşın Gürcüstanda işləməsi üçün qanuni əsaslarının olub-olmadığını müəyyən edə biləcəklər.

Polis həmçinin qanunsuz işə qəbul və ya zəruri icazələr olmadan işçilərin çalışdırılması ilə bağlı protokollar tərtib etmək və inzibati cərimələr tətbiq etmək səlahiyyətinə malik olacaq.

Patrul və cinayət polisi xarici işçilərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirmək üçün müəssisə və təşkilatlarda, o cümlədən restoranlarda, tikinti şirkətlərində və çatdırılma xidmətlərində yoxlamalar apara biləcək.

Pozuntu aşkarlandığı halda polis əməkdaşları ölkədə qanuni əsas olmadan yaşayan və ya işləyən xarici vətəndaşları saxlayaraq deportasiya məsələsinə baxılması üçün müvəqqəti saxlama yerlərinə apara biləcəklər.

Bununla yanaşı, Miqrasiya Departamenti ixtisaslaşmış qurum kimi fəaliyyətini davam etdirəcək. Departament müvəqqəti saxlama və sığınacaq axtaran şəxslərin qəbulu mərkəzlərinin fəaliyyətinə, beynəlxalq müdafiə ilə bağlı müraciətlərə baxılmasına, readmissiya prosedurlarının rəsmiləşdirilməsinə və deportasiyaların birbaşa həyata keçirilməsinə cavabdeh olacaq.

Gürcüstan hakimiyyəti son illərdə miqrasiya siyasətini ardıcıl şəkildə sərtləşdirir. Ölkədə xarici vətəndaşların deportasiyası prosedurları sadələşdirilib, onların yaşayış və iş yerlərinin yoxlanılması imkanları genişləndirilib, həmçinin işə qəbul üzrə əlavə məhdudiyyətlər tətbiq edilib.

2025-ci ildə miqrasiya qanunvericiliyini pozduqları üçün Gürcüstandan 1,3 mindən çox xarici vətəndaş deportasiya edilib. Bu, son illərin ən yüksək göstəricisidir. Daxili İşlər Nazirliyi deportasiya edilməsi nəzərdə tutulan xarici vətəndaşların saxlanılması barədə mütəmadi məlumat yayır.

Bizi WhatsApp – da izləyin.