Gürcüstanda yaşayan ukraynalılara tibbi və sosial yardım 2027-ci ilədək uzadılıb

Gürcüstan hökumətinin qərarına əsasən, Ukraynada davam edən müharibə səbəbindən Gürcüstana gələn və ölkədə fasiləsiz yaşayan Ukrayna vətəndaşları 2027-ci il yanvarın 1-dək tibbi xidmətlərdən yararlana biləcəklər.

Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Məlumata görə, Ukraynada müharibə səbəbindən Gürcüstana gələn, eləcə də Ukraynada daimi yaşayış hüququ olan şəxslər üçün nəzərdə tutulan sosial yardım da 2027-ci il yanvarın 1-dək uzadılıb.

Belə ki, ailələrə yaşayış şəraitinin təmin edilməsi məqsədilə aylıq 300 lari, hər bir şəxsə isə 45 lari məbləğində yardım veriləcək.

Hökumətin qərarlarını Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

Qərara əsasən, şəxsin Gürcüstanda fasiləsiz qalması dedikdə, ölkə sərhədini keçərək üç gündən çox olmayan müddətdə geri qayıtması halları da nəzərdə tutulur.

Ukrayna vətəndaşları üçün dövlət səhiyyə proqramları çərçivəsində immunizasiya, vərəm və HİV/QİÇS-in müalicəsi, o cümlədən xüsusi dərmanlarla təminat, ana və uşaq sağlamlığı, antenatal müşahidə və yeni doğulmuş uşaqların skrininqi, psixi sağlamlıq, diabetin idarə olunması və dərman təminatı, dializ, nadir xəstəliklərin müalicəsi, eləcə də təcili tibbi xidmətlər göstəriləcək.

Təcili tibbi xidmətlərə doğuş və təcili immunizasiya da daxildir.

Sosial-iqtisadi dəstəyin maliyyələşdirilməsini isə Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.

Qərara əsasən, 45 lari məbləğində aylıq yardım Gürcüstan ərazisini tərk edən şəxslərə növbəti aydan etibarən dayandırılacaq. Ailə üzrə nəzərdə tutulan 300 lari məbləğində yardım da ailənin bütün üzvlərinin ölkəni tərk etdiyi halda növbəti aydan etibarən dayandırılacaq.

Bizi WhatsApp – da izləyin.