Gürcüstanda 14 milyon lari dəyərində narkotik dövriyyəsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları keçirdikləri kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törədən mütəşəkkil qrup müəyyən edib və 40 kiloqrama yaxın narkotik vasitənin satışının qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, götürülən narkotik vasitələrin qara bazarda ehtimal olunan ümumi dəyəri 14 milyon laridən çoxdur.

İstintaqla müəyyən edilib ki, saxlanılan iki xarici ölkə vətəndaşı narkotik vasitələrin satış sxeminə cəlb olunublar. Onlar narkotikləri Gürcüstanın bir neçə regionunda əvvəlcədən müəyyən edilmiş ərazilərdə yerləşdirib, daha sonra həmin yerlərin koordinatlarını və fotolarını maraqlı şəxslərə göndəriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində apardıqları şəxsi axtarış və onların göstərdikləri ərazilərin yoxlanılması zamanı sübut kimi 117 bağlamada, ümumilikdə 12 kiloqrama yaxın metadon, həmçinin 267 bağlamada, 28 kiloqrama yaxın həşiş aşkarlayıb götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə istintaq aparılır. Sözügedən cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizi WhatsApp – da izləyin.