BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır
Paytaxt Tbilisidə Gürcüstan-Azərbaycan Rektorlar Konfransı keçirilib.
Konfransda Gürcüstan və Azərbaycanın elm və təhsil sahəsinə məsul dövlət qurumlarının nümayəndələri, universitet rektorları və akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Konfransda əsasən Gürcüstan və Azərbaycan arasında ali təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin inkişafı, birgə elmi tədqiqatların aparılması və tələbə mübadiləsi proqramlarının artırılması müzakirə olunub.
Gürcüstan Texniki Universitetinin rektoru, Gürcüstan Ali Təhsil Müəssisələri Rektorlarının Daimi Konfransının sədri David Qurgenidze tədbirin iki ölkənin universitetləri arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Gürcüstan və Azərbaycan arasında tarixi dostluq münasibətlərinin təhsil və elm sahəsində də geniş əməkdaşlıq üçün əsas yaratdığını bildirib. Rektor universitetlər arasında akademik əlaqələrin, tələbə mübadiləsinin və birgə elmi layihələrin inkişafının vacibliyini qeyd edib.
Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərindən danışıb. Onun sözlərinə görə, hazırda 1100-dən çox Gürcüstan vətəndaşı Azərbaycanda ali təhsil alır. Onlar mühəndislik, iqtisadiyyat, idarəetmə, humanitar və sosial elmlər, tibb və digər istiqamətlər üzrə təhsil alırlar.
Nazir müavini bildirib ki, ötən il Azərbaycan və Gürcüstanın yeddi universiteti arasında yeddi əməkdaşlıq memorandumu imzalanıb. Konfrans çərçivəsində yeni əməkdaşlıq sənədlərinin imzalanması da nəzərdə tutulur.
İ.İsayev universitetlər arasında ikili diplom proqramlarının, xüsusilə magistratura səviyyəsində birgə təhsil imkanlarının genişləndirilməsini, süni intellekt, informasiya texnologiyaları, enerji, nəqliyyat, logistika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsini vacib hesab etdiyini bildirib. O, universitetlərlə biznes sektoru arasında əlaqələrin gücləndirilməsinin, tələbələrin təcrübə proqramlarına cəlb olunmasının və elmi tədqiqatların praktiki nəticələrə yönəldilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ölkədə ali təhsil və elmi-tədqiqat sistemində aparılan institusional dəyişikliklər barədə məlumat verib. O bildirib ki, Azərbaycanda iki ali təhsil müəssisəsinin tədqiqat universiteti statusu alması istiqamətində iş aparılır. Müvafiq meyarlar Nazirlər Kabineti tərəfindən təsdiqlənib və prosesin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Ü.Səttarova qeyd edib ki, 2022-ci ildə bir sıra elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu dəyişikliklər elmlə ali təhsilin əlaqələndirilməsi və tədqiqat potensialının gücləndirilməsi məqsədi daşıyır.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin təhsil və elm sahəsində də mühüm rol oynadığını bildirib. O, Azərbaycan və Gürcüstan arasında tarixi dostluq əlaqələrinin, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafında hər iki ölkənin rəhbərliyinin rolunu vurğulayıb. Səfir Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilinə göstərilən dəstəyə də toxunub. Onun sözlərinə görə, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi uzun illərdir soydaşlarımızın təhsilinə maliyyə dəstəyi göstərir və bu təşəbbüsdən minlərlə gənc faydalanıb.
Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini professor Zviad Qabisoniya ölkədə ali təhsil sistemində həyata keçirilən islahatlar və universitetlərin gələcək ixtisaslaşma istiqamətləri barədə geniş məlumat verib. Onun sözlərinə görə, hazırda Gürcüstanda 66 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 21-i dövlət, 45-i isə özəl universitetdir. Ölkədə 1700-dən çox akkreditə olunmuş təhsil proqramı mövcuddur. Ali təhsil sisteminin islahatı üzrə hökumət konsepsiyası təsdiqlənib və 2028-ci ilədək keçid dövrü nəzərdə tutulub.
Konfrans çərçivəsində Gürcüstan və Azərbaycan universitetləri arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və professor-müəllim mübadiləsi, ikili diplom və digər birgə təhsil proqramlarının inkişafı müzakirə edilib. Tədbirin yekununda universitetlər arasında yeni əməkdaşlıq memorandumları imzalanıb.
Bizi WhatsApp – da izləyin.