145 milyon larilik tenderdə 41 milyonluq mənimsəmə iddiası – 4 nəfər həbs edilib
Metro vaqonlarının təmiri ilə bağlı tenderlərdə 41 milyon larinin mənimsənildiyi iddia olunur.
Baş Prokurorluq dövlət vəsaitinin külli miqdarda mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxta rəsmi və vergi sənədlərinin hazırlanması və istifadəsi ittihamları ilə dörd nəfəri saxlayıb.
Baş Prokurorluğun məlumatına görə, araşdırma Tbilisi Şəhər Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin müraciəti əsasında başlanılıb.
İstintaqla müəyyən edilib ki, 2017-2024-cü illərdə “Tbilisi Nəqliyyat Şirkəti” MMC tərəfindən metro vaqonlarının əsaslı təmiri, modernləşdirilməsi və ehtiyat hissələrinin alınması məqsədilə keçirilən 27 tender üzrə ayrılmış 145 milyon 367 min 365 laridən 41 milyon 105 min 298 lari qanunsuz əldə edilib.
Prokurorluğun versiyasına görə, təqsirləndirilən şəxslər bu məqsədlə “İntrans” MMC vasitəsilə metro vaqonları üçün komponentlərin idxalı ilə məşğul olan “Saçino” MMC-ni yaradıblar. İdxal olunan mallar saxta sənədlərdən istifadə edilməklə və süni şəkildə şişirdilmiş qiymətlərlə “Tbilisi Nəqliyyat Şirkəti”nə təqdim olunub. Nəticədə məhsulların dövlət şirkətinə real dəyərindən təxminən üç dəfə baha satıldığı iddia edilir.
Saxlanılanlar arasında “Elektrik Vaqon Təmiri Zavodu” ASC-nin Tbilisi filialının direktoru Gela Dzidzikaşvili, müəssisənin texniki direktoru Mamuka Nozadze və “Saçino” MMC ilə “İntrans” MMC-nin fəaliyyəti ilə əlaqəli Paata Svanidze də var.
Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələr 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluğun məlumatına əsasən, saxlanılanlardan üçü barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə 2 milyon lari girov müqabilində azadlığa buraxılıb. Cinayət işi üzrə digər mümkün iştirakçıların müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
Bizi WhatsApp – da izləyin.