Gürcüstanda avtomobillərin səs-küy limiti 100 desibelə qaldırıldı

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küy üçün icazə verilən hədd 80 desibeldən 100 desibelə qədər artırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, yaşayış məntəqələrində gecə saatlarında – 23:00-dan 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küyün səviyyəsi 100 desibeldən çox olmamalıdır.

Səs-küy səviyyəsinə nəzarəti Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri həyata keçirir. Yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq ISO 5130:2019 standartına uyğun portativ ölçmə cihazlarından istifadə edirlər.

Nazirliyin məlumatına görə, qanunla müəyyən edilmiş 100 desibellik həddin aşılması sürücünün 100 lari məbləğində cərimələnməsinə və sürücülük vəsiqəsinə verilən balların 10 bal azaldılmasına səbəb olur.

Eyni qayda pozuntusunun təkrar törədilməsi halında cərimə 200 lariyə yüksəlir və sürücülük vəsiqəsinin balı 20 vahid azaldılır. Üçüncü və hər növbəti pozuntuya görə isə 300 lari cərimə tətbiq olunur, sürücülük vəsiqəsinin balı 30 vahid azaldılır.

Daxili İşlər Nazirliyi ictimai asayişin təmin edilməsi məqsədilə yol hərəkətinə nəzarəti və müvafiq hüquqi tədbirləri davam etdirəcəyini bildirib.

Bizi WhatsApp – da izləyin.