Poniçalada partlayış: 6 nəfərin meyiti dağıntılar altından çıxarıldı, xilasetmə əməliyyatı başa çatır

Tbilisinin Poniçala qəsəbəsində baş verən partlayışla bağlı xilasetmə əməliyyatları, demək olar ki, başa çatıb.

Bu barədə hadisə yerində olan daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, gün ərzində dağıntılar altından çıxarılan 5 nəfər xəstəxanaya aparılıb. Onların arasında azyaşlı uşaq da var. Uşağın həyat və sağlamlığı üçün təhlükə olmadığı bildirilir. Xəsarət alanlardan yalnız birinin vəziyyəti kritik ağırdır.

Tamazaşvili, həmçinin günün ikinci yarısında dağıntılar altından 6 nəfərin meyitinin çıxarıldığını bildirib. Ölənlər arasında bir azyaşlı uşağın da olduğu qeyd edilib.

Nazir həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, hadisəni bütün ölkə üçün faciə adlandırıb.

Onun sözlərinə görə, bundan sonra hadisə yerində kriminalistlərin iştirakı ilə istintaq tədbirləri davam etdiriləcək və bütün zəruri sübutlar toplanacaq.

Daxili işlər naziri xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına, yanğınsöndürən-xilasedicilərə, bələdiyyə xidmətlərinə və media nümayəndələrinə təşəkkür edib.

Qeyd edək ki, noyabrın 19-da Poniçalada yerləşən yaşayış binasında qaz partlayışı baş verib və nəticədə binanın bir hissəsi dağılıb. Mövcud məlumatlara görə, hadisə zamanı 7 nəfər dağıntılar altında qalmışdı. Xilasedicilər əvvəlcə dağıntılar altından azyaşlı qız uşağını sağ çıxarıblar. Daha sonra digər şəxslərin axtarışı davam etdirilib.

Bizi WhatsApp – da izləyin.