Zuqdididə üç bacının meyiti 4-5 gündən sonra aşkarlanıb

Zuqdidinin Qulişkari kəndində yaşayış evlərindən birində üç nəfərin meyiti aşkarlanıb. Ölənlərin bacı olduğu bildirilir.

Meyitlər ekspertiza bürosuna aparılıb. Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

Kənd sakinlərinin sözlərinə görə, ölüm hadisəsinə əsas versiyalardan biri qida zəhərlənməsidir.

Qulişkari kəndinin nümayəndəsi Laşa Şvelidzenin sözlərinə görə, ölən bacılar tək yaşayırmış və təxminən 4-5 gün ərzində onları heç kim görməyib.

“Üç nəfər dünyasını dəyişib. Onların nədən öldüyünü ekspertiza müəyyənləşdirəcək. Bacı idilər və tək yaşayırdılar. Təxminən 4-5 gün görünməyiblər. Qonşu darvazanın qarşısında pis qoxu hiss edib”, – deyə Şvelidze bildirib.

Ölüm səbəbinin qida zəhərlənməsi olması ehtimalına gəlincə, kənd nümayəndəsi ekspertizaya yemək və su nümunələrinin də təqdim edildiyini və ölümün dəqiq səbəbinin araşdırma nəticəsində müəyyənləşdiriləcəyini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə araşdırma başlanıb.

Bizi WhatsApp – da izləyin.