Tbilisidə Tolerantlıq gününə həsr edilmiş tədbirdə Azərbaycan guşəsi
177 saylı Tbilisi şəhər ictimai məktəbində Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Qldani icra başçısı Zurab Kaşiaşvili, bələdiyyə deputatı Konstantin Zarnadze, Milli Azlıqlar Şurasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Məktəbdə keçirilən tədbir çərçivəsində gürcü, erməni, aysor, yunan və digər xalqların nümayəndələri ilə yanaşı Azərbaycan icmasının guşəsi də yaradılıb. Belə ki, Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin rəsm və xalçaçılıq kurslarında iştirak edən tələbələrin əl işləri də sərgidə nümayiş olunub.
Tədbirdə Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun əsərləri səsləndirilib, “Arşın mal alan” tammetrajlı bədii filmindən fraqmentlər göstərilib.
Məlumat üçün onu da bildirək ki, məktəbdə Azərbaycan guşəsi Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayevanın təşkilatçılığı ilə yaradılıb.