Qaribaşvili: Gürcüstan və Azərbaycan etibarlı ticarət tərəfdaşıdır
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qəbul edib.
Gürcüstanın hökumət administrasiyasında baş tutan görüş zamanı tərəflər iki ölkə arasında strateji əməkdaşlığın istiqamətlərini müzakirə ediblər. Söhbət zamanı mövcud məhsuldar əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq ifadə edilib.
Baş nazir Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinin xüsusilə vacib olduğunu vurğulayıb və iki ölkə arasında mükəmməl əlaqələrin olduğunu qeyd edib.
Söhbət zamanı iqtisadi əlaqələrə də toxunulub.
Baş nazir Gürcüstan və Azərbaycanın etibarlı ticarət tərəfdaşları olduğunu və birgə dəhlizlərin etibarlı distribusiya kanallarına və qlobal bazarlara çıxış imkanı yaratdığını deyib.
Görüşdə regional əhəmiyyətli infrastruktur layihələrinin tam istismarının və Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığının vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, həmçinin Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia da iştirak edib.