İrakli Qaribaşvili Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) rəhbəri Marek Şkiqel ilə görüşüb.

Hökumət başçısı missiyanın səmərəli fəaliyyətinə və həyata keçirilən fəaliyyətə görə Marek Şkigelə təşəkkür edib. Qeyd olunub ki, Aİ-nin işğal xətti üzrə monitorinq missiyası gərginliyin artmasının qarşısını alır və yerlərdə təhlükəsizliyin təmin edilməsinə töhfə verir.

Vurğulanıb ki, EUMM monitorinq mandatı ilə təchiz edilmiş yeganə beynəlxalq missiyadır.

Görüşdə 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin nəticələrinin aradan qaldırılmasında və münaqişənin sülh yolu ilə həllində Avropa İttifaqının mühüm rolunun olduğu qeyd edilib.

Hökumət administrasiyasında keçirilən görüşdə Avropa İttifaqının Monitorinq Missiyasının siyasi müşaviri Corc Sandi də iştirak edib.