Gürcüstan “Amazon”a ölkədə regional mərkəz açmağı təklif edib

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Davosda Dünya İqtisadi Forumunda ABŞ-nin “Amazon” korporasiyasının vitse-prezidenti Maykl Funke ilə görüşdə Gürcüstanda “Amazon Web Services” (AWS) regional məlumat mərkəzinin açılmasını təklif edib.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Davitaşvili bildirib ki, Tbilisinin təklifi “Amazon”un Gürcüstanı informasiya mübadiləsi mərkəzlərindən biri kimi nəzərdən keçirməsindən ibarətdir.

Həmçinin, Baş nazirin müavininin sözlərinə görə, görüşdə o, Funke ilə Gürcüstanda rəqəmsal iqtisadiyyatın inkişafı və korporasiyanın “rəqəmsal transformasiya”da hökumətə yardımını müzakirə edib.

Məlumat üçün onu da bildirək ki, “Amazon Web Services” “Amazon” korporasiyasının bulud hesablama xidmətləri göstərən bölməsidir.