Hakim partiya Ukraynanın müvəqqəti işlər vəkilinə cavab verib
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Andrey Kasyanovun bəyanatına cavab verib.
Kobaxidze Kasyanovun açıqlamasının spekulyativ olduğunu və Gürcüstanın artıq bu cür bəyanatlara öyrəşdiyini qeyd edib:
“Kasyanov o halda ukraynalıları Gürcüstandan təxliyə etməli olardı ki, biz Ukraynaya “BUK”ları göndərək. Bu, Gürcüstanın hərbi münaqişədə birbaşa iştirakı olardı. Kasyanov bizi müharibəyə qoşulmağa çağırdı, bu halda biz yalnız ukraynalıları deyil, həm də gürcüləri Gürcüstandan təxliyə etməli olardıq”.
Kobaxidze əlavə edib ki, Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpa edilməsinin rusiyalıların axını ilə heç bir əlaqəsi yoxdur. Vurğulayıb ki, iki ölkə arasında birbaşa uçuşların dayandırılması Rusiya tərəfindən qəbul edilmiş birtərəfli qərardır, bu səbəbdən uçuşların bərpası da birtərəfli qərar olacaq.
“Mən yalnız onu deyə bilərəm ki, belə bir qərar (birbaşa uçuşların bərpası – red.) Rusiya Federasiyasında yaşayan milyonlarla gürcüstanlının xeyrinə olacaq”, – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Ukrayna mətbuatına açıqlamasında bildirib ki, Ukrayna səfirliyi Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa edilərsə, Gürcüstandakı ukraynalıları təxliyəsi üçün beynəlxalq tərəfdaşlara və təşkilatlara müraciət edə bilər.