ÜST: “Son səkkiz həftədə 170 mindən çox insan COVID-19-dan ölüb”
“Ötən il dekabrın əvvəlindən bəri COVID-19-dan həftəlik ölüm xəbərlərinin sayı artmaqdadır və son səkkiz həftə ərzində 170 mindən çox insan bu virusdan ölüb”.
Bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.
O, qlobal səhiyyədə koronavirusla əlaqəli fövqəladə hallar üzrə komitənin bu həftə növbəti iclas üçün bir araya gələcəyini bildirib.
“Mütəxəssislər pandemiyanın beynəlxalq narahatlıq doğuran fövqəladə hal olaraq qalıb-qalmadığına dair qərar verməlidirlər. Komitənin tövsiyələrini mühakimə etmədən, mən bir çox ölkələrdə mövcud vəziyyət və ölüm hallarının sayının artması ilə bağlı çox narahatam”, – ÜST rəhbəri vurğulayıb.