Gürcüstan Parlamentində jurnalistlərin akkreditasiya qaydaları sərtləşdirildi

Parlamentin sədri “Gürcüstan Parlamentində kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası qaydası”na dəyişiklikləri təsdiqləyib.

Bu barədə məlumatı Parlament yayıb.

Bildirilir ki, dəyişikliklər 2023-cü il 6 fevral tarixli sərəncamla təsdiqlənmiş akkreditasiya qaydalarına aiddir və Avropa Parlamentində mövcud olan media qaydaları nümunə götürülərək hazırlanıb.

Yeni dəyişikliklərə əsasən, akkreditasiya müraciət prosedurları sərtləşdirilib. Qaydalara görə, akkreditasiyası pozuntular səbəbilə vaxtından əvvəl ləğv edilən media qurumları müəyyən müddət ərzində yenidən müraciət hüququndan məhrum ediləcək. Məhdudiyyət müddəti başa çatdıqdan sonra həmin media qurumları yalnız müəyyən tarixədək müraciət edə biləcəklər.

Dəyişikliklərə əsasən, qaydaların təkrar pozulması hallarında həm akkreditə olunmuş, həm də olunmamış media nümayəndələrinin parlamentdə fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər. Bu halda jurnalistlərin akkreditasiyası ləğv oluna və media qurumlarına 1 ilədək müraciət qadağası qoyula bilər.

Eyni zamanda, parlament fəaliyyəti ilə artıq bağlı olmayan media orqanlarının akkreditasiyasının ləğvi də mümkün olacaq.

Qaydalara edilən dəyişikliklərə əsasən, jurnalistlərin etik davranış qaydaları da sərtləşdirilib. Onlar parlament binasında olan şəxslərin ləyaqətinə və şəxsi məkanına hörmət göstərməli, həmçinin parlament əmlakına diqqətlə yanaşmalıdırlar.

Rəsmi açıqlamada qeyd olunur ki, bu dəyişikliklər Avropa Parlamentində tətbiq olunan media qaydaları ilə oxşardır və həmin təcrübəyə əsaslanır.

Bizi WhatsApp – da izləyin.