Baş nazirin iştirakı ilə Marneulinin mərkəzində Novruz tonqalı alovlandırılıb – FOTO
Baş nazir İrakli Qaribaşvili Marneulidə Novruz bayramına həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
Bayramla əlaqədar Baş nazir Marneulinin mərkəzi küçəsində təşkil olunmuş etno guşəyə əl işləri sərgisinə, müxtəlif idman və mədəni tədbirlərə baxış keçirib. Baş nazir əhali ilə söhbət edərək, onları bayram münasibətilə təbrik edib, Marneulinin mərkəzində simvolik tonqal alovlandırıb.
“Hər kəsi bu gün münasibətilə təbrik etmək, vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, daha çox sevinc, sabitlik və xalqımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş insanlara, çox ziyalı insanlara böyük hörmət və məhəbbətimi təsdiq etmək istəyirəm. Onların Novruz bayramını təbrik edirəm. Hər yerdə bu bayramı qeyd edənləri, Azərbaycandakı, Türkiyədəki qardaşlarımızı da təbrik edirəm”, – deyə baş nazir bildirib.
Onu da bildirək ki, Marneulidə keçirilən tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regional Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov, Marneuli şəhər şurasının sədri Amiran Qiorqadze, parlament deputatları Zaur Darğalı, Savalan Mirzəyev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmilər və yerli sakinlər iştirak ediblər.