Nəbatət bağında ağacəkmə aksiyası keçirilib – VİDEOREPORTAJ

“Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidəki Nəbatət bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan aksiyada Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, mərkəzin müəllim və tələbələri iştirak ediblər.

İlk öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsən bəy Ağayev, şair mütəfəkkir Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarları ziyarət olunub.

Gənclər Mərkəzinin müəllim və tələbələri ilə görüşən A.Əliyev Ulu Öndərin həyat və fəaliyyəti, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsindəki xidmətlərini xüsusi qeyd edərək, Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə ağacəkmə aksiyasının keçirilməsini yüksək qiymətləndirib.

Sonra Adil Əliyev, Faiq Quliyev və digər iştirakçılar panteonda palıd ağacları əkiblər.