Aİ Gürcüstanın müdafiə sektoruna 30 milyon avro ayıracaq
Avropa İttifaqı (Aİ) Gürcüstanın müdafiə sektorunun dəstəklənməsi məqsədilə 30 milyon avro ayıracaq.
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Avropa Sülh Fondu çərçivəsində ayrılmış yardım Gürcüstanın milli təhlükəsizliyinin gücləndirilməsinə, müdafiə sektorunun sabitlik və dözümlülüyünün dəstəklənməsinə yönəldiləcək.
Şuranın məlumatına görə, Gürcüstan ayrılacaq 30 milyon avro 36 aylıq dövrü əhatə edəcək. Vəsaitin ölümcül olmayan texniki vasitələrin, tədarüklərin və xidmətlərin maliyyələşdirilməsinə, ehtiyac duyulduğu təqdirdə texniki təlimlərin keçilməsinə sərf ediləcəyi qeyd edilib. Vurğulanıb ki, təsdiqlənmiş vasitələrə mühəndis, komanda və nəzarət, tibbi, logistika və kiber müdafiə ləvazimatları daxildir.
Əlavə olunub ki, Gürcüstan Aİ-yə yardım üçün 8 fevral 2023-cü ildə müraciət edib. Şura daha əvvəl Gürcüstan üçün 2022-ci ilin dekabrında 20 milyon avro, 2021-ci ilin dekabrında isə 12,75 milyon avro yardım paketi təsdiqləyib.
Qeyd edək ki, Aİ tərəfindən Moldovaya da eyni məqsədlərlə 40 milyon avro həcmində yardım ayrılıb.