Tbilisidə Cənubi Qafqaz regionunda həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri müzakirə olunub
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Tbilisidəki səfiri Mark Kleyton ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə qoyan ölkələrdən biri olduğu və əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.
Söhbət zamanı bölgədə cərəyan edən proseslər, o cümlədən 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin, görüşdə Cənubi Qafqaz regionunda həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri ətrafında müzakirələr olub, Asiya və Avropa arasında ticarət üçün Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.