ABŞ və Aİ ilə Azərbaycanın enerji layihələrinin inkişafı müzakirə edilib – FOTO

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə Birləşmiş Ştatların Azərbaycanın enerji layihələrinə davamlı dəstəyi yüksək qiymətləndirilib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində həlli zəruri proseslər və əlavə tədarükün mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidində mühüm yanacaq olduğu və bərpa olunan enerji mənbələrinin inkişafını dəstəklədiyi qeyd edilib. Eyni zamanda Xəzərdən “yaşıl enerji” istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Söhbət zamanı Azərbaycanda hidrogenin istehsalı və ixracı ilə bağlı imkanlar, bu aspektdə AYİB-in dəstəyi ilə aparılan bazar araşdırmasının nəticələri, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı birgə əməkdaşlıq məsələlələri nəzərdən keçirilib.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə də Cənub Qaz Dəhlizinin, Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı, habelə Enerji Dialoqu çərçivəsində əməkdaşlıq priroritetləri üzrə müzakirələr aparılıb.