Ronaldunun klubu italyan məşqçiyə ildə 10 milyon avrodan çox pul təklif edib

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu italiyalı məşqçi Can Pyer Qasperiniyə ildə 10 milyon avrodan çox pul təklif edib.

Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Atalanta”nın baş məşqçisi Qasperini nəzakətlə imtina edib. O, Berqamoda qalmaq niyyətindədir.

Onun yetirmələri ötən mövsüm 38 oyunda 64 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində beşinci yeri tutub.

Xatırladaq ki, Portuqaliya millisinin kapitanı Kristianu Ronaldu “Əl-Nasr”da oynayır. O, yanvarın 2-də Səudiyyə Ərəbistanı çempionatında komandanın üzvü olub. Klubla müqaviləyə əsasən, Ronaldu ildə 200 milyon avro alacaq. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların da olacağı bildirilir.

Ronaldu 2022/23 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib. “Əl-Nəsr” turnir cədvəlində ikinci, “Əl-İttihad” qalib olub.