Türkiyənin Milli Müdafiə Şurasının Baş Katibi Gürcüstanın Müdafiə Naziri ilə görüşüb
Türkiyənin Milli Müdafiə Şurasının Baş Katibi Sefullah Hacımüftüoğlu Tbilisidə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinə, həmçinin Gürcüstan Müdafiə Qüvvələrinin transformasiyasına Türkiyənin göstərdiyi dəstəyə diqqət yetirilib. Görüşdə regional təhlükəsizlik məsələləri və mövcud çağırışlar da müzakirə edilib. Qeyd olunub ki, tərəflər Qara dəniz təhlükəsizliyinə xüsusi diqqət yetiriblər. Söhbət zamanı Gürcüstanla Türkiyə arasındakı strateji tərəfdaşlığın önəmi vurğulanıb.
Gürcüstan MN-nin məlumatına görə nazir Cuanşer Burçuladze söhbət zamanı Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının vacibliyini vurğulayıb. O, birgə üçtərəfli təlimlərin ölkələrin qarşılıqlı əməliyyat qabiliyyətini artırdığını bildirib.