Baş nazir: Namizəd statusu verməyərək Gürcüstanı uzaqlaşdırmaq Qərbin strateji səhvi olar

Baş nazir İrakli Qaribaşvili bu yaxınlarda Brüsseldə keçirdiyi görüşlərdən əldə etdiyi “təəssüratlar əsasında” Avropa Komissiyasının Gürcüstanın Aİ namizədi statusu ilə bağlı qərarına nikbinliklə yanaşdığını bildirib.

Baş nazir jurnalistlərə açıqlamasında Gürcüstanın Aİ namizədi statusuna layiq olduğunu qeyd edib:

“Səfər zamanı mən öz dostlarımıza hökumətin atdığı addımlar haqqında danışmışam. Avropa Komissiyasına tam hesabat təqdim edilib. Mən düşünürəm ki, biz təmkinlə qərarı gözləməliyik. Mən onlara bildirdim ki, Avropada və dünyadakı hazırkı vəziyyət, Ukraynadakı dağıdıcı müharibə gündəliyi tamam dəyişib. Gürcüstanı uzaqlaşdırmaq Qərbin strateji səhvi olardı və bu, nə Qərbin, nə də Gürcüstanın marağına deyil”.

Qaribaşvili qeyd edib ki, namizəd statusunun verilməsi ölkədə qütbləşməyə son qoya bilər.