Azərbaycan Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Gürcüstanda səfərdə olub – FOTO

2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu Gürcüstana səfər edib.

RealNews.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, nümayəndə heyəti əvvəlcə Tbilisidəki Heydər Əliyevin abidəsini və Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş Qəhramanların xatirəsinə ucaldılmış memorialı ziyarət edib, önünə gül dəstələri qoyaraq hörmət və ehtiramla yad ediblər.

Sonra səfər çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Kaxa Petriaşvili ilə görüşüb. Görüşdə hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik, mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.