Qardabanidə qızıl və gümüş medal alan məktəblilər mükafatlandırılıblar – FOTO

Qızıl və gümüş medalçılar Qardabani bələdiyyəsi tərəfindən pul mükafatları alıblar.

RealNews.ge xəbər verir ki, Bu barədə Qardabani Meriyası məlumat yayıb.

Bildirilib ki, bu il “Qardabnoba” bayramı çərçivəsində 2022-2023-cü tədris ilinin 85 qızıl və gümüş medalçısının təntənəli təqdimat mərasimi keçirilib.

Qardabani Meri Davit Karqareteli və Qardabani bələdiyyəsinin sədri Mixeil Qedexauri fərqlənən gənclərə xüsusi sertifikatlar təqdim ediblər.

“Dostlarım, sizi bu mühüm uğur münasibətilə təbrik edirəm, siz Qardabaninin gələcək nəslisiniz, ölkəmizin və bələdiyyəmizin inkişafı, uğurları üçün hər şeyi edəcək nəsilsiniz.

Burada valideynlərə, müəllimlərə təşəkkür etmək istərdim ki, ölkədə savadlı gələcək nəslin olması sizin əvəzsiz əməyinizin nəticəsidir” – deyə Davit Karqareteli bildirib.

Qeyd edək ki, Qardabani Bələdiyyəsi təhsilin təşviqi məqsədilə bu il ilk dəfə olaraq yüksək akademik göstəricilərə malik olan tələbələr üçün təhsil haqqının ildə iki dəfə 500 lari məbləğində birgə maliyyələşdirilməsini nəzərdə tutan “Tələbələrin Maddi Yardım Proqramı”nı həyata keçirib.

Bu il əlaçı şagirdlər üçün həvəsləndirici proqramın əsası qoyulub ki, bu proqram çərçivəsində dövlət məktəblərinin qızıl medalçısı 400 lari, gümüş medalçı isə 300 lari alacaq.