14 yaşlı qızın qətli ilə bağlı saxlanılanların sayı 5 nəfərə çatıb – VİDEO

14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən 28 yaşlı Alim Sadiqovun əmisi və əmisi oğlu polis tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Alim Sadiqov zorla qaçırdığı 14 yaşlı Aytac Şahmarovanı əmisinin evinə gətirib. Təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu cinayət hadisəsindən xəbərdar olsa da polisə məlumat verməyiblər. Sözügedən şəxslər barəsində istintaq Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsi əsasında başladılıb. Təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumat üçün bildirək ki, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 28 yaşlı Alim Sadiqov, Dmanisidə anası ilə birgə yaşayan 14 yaşlı Aytac Şahmarovanı 2 ay əvvəl evlənmək məqsədi ilə qaçırıb. Bildirilir ki, cütlük 2 ay qeyri-rəsmi nikahda olub. Yetkinlik yaşına çatmamış qız evliliyin əleyhinə olduğu üçün, bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa cəhd edib. Sonuncu dəfə Aytac Şahmarova evdən qaçmaq istəyən zaman A. Sadiqov onu odlu silahdan bir neçə dəfə atəş açaraq öldürüb. Cinayət baş verdikdən sonra Alim Sadiqov gizlənsə də, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən o, həbs edilib. Onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Bundan əlavə, Aytac Şahmarovanın anası və dayısı barədə də həbs-qətimkan tədbiri seçilib. Onlar evliliyə məcbur etmə və cinayət barədə polisə xəbər verməməkdə ittiham edilirlər. Bununla da saxlanılanların sayı 5 nəfərə çatıb.