Azərbaycan icması Beynəlxalq Ədalət Məhkəməsinin önündə etiraz aksiyası keçirib
Oktyabrın 2-də Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının “Biz sülh istəyirik!” adlı dinc etiraz aksiyası keçirilib.
Bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə yerli vaxtla 15.00-dan 19.00-dək baş tutan aksiya Ermənistanın cəfəng iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə gerçəkləşdirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını və mina terrorunu xatırladıblar.
Aksiya iştirakçıları Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multikultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!”, “Erməni separatçılığına son qoyulsun!”, “Anti-Azərbaycan kampaniyasına son verin!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Xocalını unutma!”, “Gəncə terroru Ermənistan terrorunun nümayişidir!”, “Ruben Vardanyan terrorizmin maliyyəçisidir!”, “Dünya Gəncə terroruna susur!”, “Biz Ermənistanın Bərdəyə qarşı terrorunu lənətləyirik!”, “Biz terrorizmə “YOX” deyirik!”, “Biz Ermənistanın sistematik kütləvi qətllərini lənətləyirik!”, “Arayik Arutunyan uşaq qatilidir!”, “Ermənistanın mina terroru azad edilmiş regionlarda normallaşdırma və bərpa prosesinə mane olur!”, “Qarabağın təhlükəsizliyi üçün mina xəritələrini tələb edirik!”, “Mina terroru məcburi köçkünlərin Qarabağa qayıtmasını əngəlləyir!”, “Dünya erməni terrorizminin qurbanları barədə susur!”, “Qarşılıqlı olmaq prinsipini tələb edirik!”, “Ermənistan qərbi azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etməlidir!”, “Ermənistan qərbi azərbaycanlıların İrəvana qayıtmasının qarşısını alır”, “İrəvan sülh sazişinə ciddi yanaşmır”, “Qərbi azərbaycanlılara İrəvanda yaşayan ermənilərlə bərabər münasibət göstərilməlidir!”, “Azərbaycan Qarabağda birgə yaşayışı dəstəkləyir!”, “Biz Ermənistanı danışıqlara çağırırıq, konfrontasiyaya deyil!”, “Biz dünya ictimaiyyətini ədaləti dəstəkləməyə çağırırıq!” və sair şüarlar nümayiş etdirilib və səsləndirilib.
Qeyd edək ki, aksiya Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin təşkil olunduğu saatlarda keçirilib.