Tbilisidə “Azərbaycan musiqisi gecəsi” adlı möhtəşəm konsert təşkil olunub – FOTO
Tbilisidəki V.Sarajişvili adına Milli Konservatoriyanın böyük zalında 18 Oktyabr – Azərbaycanın Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azərbaycan musiqisi gecəsi” adlı konsert təşkil olunub.
Konsert “Alyans” Gənclər Mərkəzinin və Azərbaycanın Xan Şuşinski Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdürəhimov çıxış edərək Azərbaycanın müstəqillik mübarizəsinin tarixinə nəzər salıb.
Tədbirdə “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxışında deyib ki, bu gün ölkələrimiz arasında əlaqələr daha da inkişaf edir və möhkəmlənir. O, bu cür tədbirlərin mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Konsertdə Azərbaycanım Əməkdar artisti Nərgiz Kərimova (soprano), Əminə Zülfüqarova (fleyta), Nigar Həsənova (piano) və Gülsüm Xəlilova (soprano) Azərbaycanın xalq və bəstəkar mahnıları, eləcə də dünya musiqiçilərinin əsərlərindən parçalar ifa ediblər.