Səfir Faiq Quliyev Parlamentin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüb – FOTO

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüb.

Bu barədə səfirlikdən bildirilib.

Qeyd edilib ki, görüşün əvvəlində Səfiri salamlayan xanım deputat, Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlaqələrin yüksələn templə inkişaf etdiyini və bütün sahələri əhatə etdiyini bildirib.

Komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabr ayının 8-də Gürcüstana səfərindən söz açaraq, Azərbaycan və Gürcüstan dövlət başçılarının xalqlarımızın rifahı naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etməsində birbaşa rol oynamasını xüsusi vurğulayıb.

Səfir Faiq Quliyev Gürcüstanda “Heydər Əliyev İli” ilə bağlı artıq bir sıra mühüm tədbirlərin keçirildiyini və ilin sonuna qədər önəmli layihələrin ərsəyə gətiriləcəyini diqqətə çatdırıb.

Diplomat Gürcüstanın böyük dostu, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisi Heydər Əliyevin yubileyi ilə bağlı cari ilin iyun ayının əvvəlində Zakaria Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında keçirilən qala-konsertdə dünya şöhrətli pianoçu xanım Eliso Bolkvadzenin unudulmaz ifalarla çıxış etməsinə, həmçinin, onun cari ilin sentyabr ayında Azərbaycan Respublikasına baş tutan səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində 100 illiklə bağlı möhtəşəm solo konsert təqdim etməsinə, eyni zamanda “X Batumi Qara dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsertin keçirilməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Səfir bu timsalda keçirilən tədbirlərin ölkələrimizin əməkdaşlıq əlaqələrinin inkişafına, o cümlədən iki qardaş xalqın daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb.

Görüşdə parlamentlərarası, o cümlədən mədəni sahədə əlaqələrinin inkişafı üçün gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.