Azərbaycan XİN: “Fransanın Ermənistana hərbi texnika göndərməsi regionda vəziyyəti gərginləşdirəcək”
“Fransadan Ermənistana hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”.
RealNews.ge xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.
“Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq”,- deyə mətbuat katibi Ayxan Hacızadə bildirib.
Məlumat üçün bildirək ki, oktyabrın sonlarında Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalayıb.