Bolnisidə Zəfər Günü qeyd edilib – FOTO

Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan mərkəzin icraçı direktoru Rezo Həsənov Azərbaycanlıları bayram münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanın Zəfər Günü xalqımız və dünya azərbaycanlıları üçün qızıl hərflərlə yazılmış ən yeni tarixdir. O, misilsiz qələbəni xalqımıza bəxş edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinə minnətdarlığını bildirib.

Sonra Zəfər Gününə həsr olunmuş inşa, rəsm və şeir müsabiqələrinə yekun vurulub və qaliblər mükafatlandırılıb.

Tədbir çərçivəsində möhtəşəm bayramı əks etdirən rəsm əsərləri sərgilənib.