Qəzza zolağında ölənlərin sayı 12 mini keçib
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insan həlak olub.
Bu barədə “Aljazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, onlardan 5 mini uşaq, 3 mini isə qadındır.
İtkin düşənlərin sayı artaraq 3 750 nəfərə çatıb, onlardan 1 800-ü uşaqdır. Fələstin tərəfinin məlumatına görə, yaralıların sayı 30 mini keçib, onların 75 %-i qadın və uşaqlardır.
İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.